Sumqayıtda Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışovun xatirəsi anılıb
Sumqayıt şəhər S. Vurğun adına Mərkəzi Kitabxananda Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışova həsr olunmuş anım tədbir keçirilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə şəhidlərimizin doğum günləri ilə əlaqədar reallaşan tədbir onların uyuduqları son mənzildə- Sumqayıtın "Şəhidlər xiyabanı” memorial kompleksdə baş tutub.
AZƏRTAC xəbər verir ki, yazıçı Hafiz İmamnəzərli igidlərimizin həyatı, keçdikləri şərəfli döyüş yolu haqqında geniş məlumat verib.
Sonra polkovnik Raquf Orucov və gizir Seymur Baxışovun ailə üzvləri, döyüş yoldaşları, Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Axundova və Sumqayıt şəhər MKS-in direktoru Yeganə Əhmədova şəhidlərin göstərdiyi qəhrəmanlıqlardan danışaraq bildiriblər ki, Ali baş komandan İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olan Silahlı Qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi gün çox da uzaqda deyil və Raquf, Seymur kimi şəhid hərbçilərimizin qanı yerdə qalmayacaq.
Tədbir S. Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin nəzdində fəaliyyət göstərən Sabir Sarvan adına uşaq poeziya klubunun üzvlərinin ifasında vətənpərvərlik mövzusunda səslənən şeirlərlə davam edib.