Vüqar Hüseynovun xatirəsi yad edildi


Sulutəpə qəsəbəsində fəaliyyət göstərən Cəbrayıl rayonu Daşkəsən kənd orta məktəbində Azərbaycanın Milli Qəhrəmanı Vüqar Hüseynovun xatirəsi anıldı. Vüqar Hüseynovun adını daşıyan bu məktəbdə onun anadan olmasının 50 illiyinə təsadüf edən belə bir tədbirin keçirilməsi hamının ürəyindən xəbər verdi. Tədbirin əvvəlində Dövlət himni səsləndirildi və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəbin direktoru İlqar Zalov xatırlatdı ki, Milli Qəhrəmanın atası Tofiq müəllim 10 ildən çox burada direktor müavini işləyib. Bu gün səhhəti ilə bağlı tədbirdə iştirak edə bilmir, qardaşları Həbib və Fuad buradadırlar.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev qeyd etdi ki, təzəlikcə "Cəbrayıllı Milli Qəhrəmanlar” kitabı işıq üzü görüb və orada Vüqar Hüseynovun igidliyi də öz əksini tapıb.

Rayon Təhsil şöbəsinin müdiri Zamiq Qurbanov məlumat verdi ki, tərtib edilən plana uyğun olaraq qəhrəmanlarımız haqqında silsilə tədbirlər keçiririk. V.Hüseynovun qısa, lakin mənalı ömür yoluna ekskurs edən Z.Qurbanov qəhrəmanların həyatının özünün bir tərbiyə nümunəsi, dərin bir fəlsəfə olduğunu dedi.

Qəhrəmanın qardaşı Həbib Hüseynov onunla bağlı xatirələrini danışdı və tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi:

- Vüqar vətən, torpaq uğrunda canını əsirgəmədi. Son döyüşdə 12 nəfər polis yoldaşını ölümdən xilas edərək özü əbədiyyətə qovuşdu. Ulu öndər Heydər Əliyevin imzası ilə ona Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi bizim təsəllimiz və qürurumuzdur. Gələcək nəsli belə qəhrəmanları nümunə göstərərək tərbiyə etməliyik ki, həyatda öz layiqli yerlərini tuta bilsinlər. Hansı işin-peşənin sahibi olsalar da, şərəflə yaşamağı bacarsınlar.

Daşkəsən kəndinin nümayəndəsi Qabil Quliyev isə vaxtilə Vüqara dərs dediyini söylədi. Xatırladı ki, o, yaxşı oxuyur, hüquqşünas olmaq istəyirdi. Sonradan Xüsusi Təyinatlı Milis Dəstəsinə qoşuldu, döyüşlərə yollandı. Xocalı, Ağcakənd və bir sıra döyüş bölgələrində qəhrəmancasına döyüşdü. 22 yaşında şəhid oldu. Şəhidlər isə heç vaxt unudulmur, əbədiyaşarlıq qazanır.

Tədbirin bədii hissəsində şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi, Vüqar Hüseynovun döyüş yolunu əks etdirən slayd nümayiş olundu və qəhrəmanın həyatından səhnəciklər şəklində epizodlar göstərildi.


"Azərbaycan”