Respublika Veteranlar Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi qeyd olunub


Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılması xalqımızın tarixində qürurverici hadisədir. Xalq Cümhuriyyəti Azərbaycan tarixində müstəsna yer tutur. Cümhuriyyətin qurulması sonrakı mərhələdə Azərbaycan dövlətçiliyinin qorunmasına, müstəqil respublika kimi inkişafına əsaslı zəmin yaradıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və 23 aylıq fəaliyyəti xalqımızın tarixinin parlaq səhifələrindəndir. Bugünkü müstəqil Azərbaycan Respublikası Cümhuriyyətin siyasi və mənəvi varisidir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında ötən il imzaladığı Sərəncam ölkə rəhbərliyinin xalqımızın dövlətçilik ənənələrinə, xüsusilə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə verdiyi yüksək dəyərin təzahürüdür.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Cümhuriyyətin yaradılmasının 101-ci ildönümü münasibətilə mayın 27-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən tədbirdə səslənib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən və fəaliyyətindən danışan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib ki, Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncam həmin dövrdəki tarixi hadisələrin, qazanılan nailiyyətlərin gənclərimizə çatdırılması və təbliği baxımından böyük önəm daşıyır. Veteranlarımız dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyəti irsinə göstərdiyi bu diqqəti yüksək qiymətləndirirlər. Azərbaycan dövləti və xalqı bu tarixi nailiyyətin qazanılmasında xidməti olan Cümhuriyyətin qurucularının və fədailərinin xatirəsini hörmət və ehtiramla anır.

Qeyd edilib ki, xalqımız uzun illər müstəqillik arzusu ilə yaşayıb. XX əsrin əvvəllərində baş verən proseslər, eləcə də Cənubi Qafqaz regionunda yaranmış şərait Azərbaycanın müstəqilliyini əldə etməsinə tarixi imkan yaradıb. Bu imkandan istifadə edən Cümhuriyyətin qurucuları 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunması haqqında tarixi qərar qəbul ediblər. Beləliklə, Azərbaycanın milli dövlətçiliyi bərpa olunub. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bütün dünyaya elan edilib. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu. Odur ki, ki, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının qürur duyduğu bir gündür.

Məlumat verilib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süquta uğrasa da, 71 ildən sonra - 1991-ci il oktyabrın 18-də tarixi yaddaşına sadiq qalan xalqımız yenidən müstəqilliyinə qovuşub. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib və ölkə həyatının bütün sahələrində inkişafın əsasları qoyulub. Hazırda bu siyasət Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi Vaqif Abışov diqqətə çatdırıb ki, Şərqdə ilk demokratik respublikasının qurulması yalnız Azərbaycanın deyil, bütün türk dünyası üçün mühüm tarixi əhəmiyyət kəsb edib. XX əsrin əvvəllərindəki çətin ictimai-siyasi şəraitdə xalqımızın ziyalıları Azərbaycan Xalq Cümhuriyyətini quraraq onun müstəqilliyinin dünyada tanınması üçün böyük işlər görüblər. İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Fəlsəfə elmləri doktoru İmran Əbilov, veteranlar çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən, həmin dövrdə görülən genişmiqyaslı işlərdən danışıblar. Çıxış edənlər Azərbaycanın ilk müstəqil dövlətinin demokratik idarəçilik mexanizmlərinə, parlamentli respublika quruluşuna malik olduğunu qeyd edərək Cümhuriyyət dövründə Azərbaycanın müstəqil dövlət atributlarının qəbul edilməsi, ölkənin hazırda mövcud olan əksər dövlət orqanlarının yaradılması və s. barədə iştirakçılara ətraflı məlumat veriblər.

Diqqətə çatdırılıb ki, hazırda Azərbaycan dövləti bütün sahələrdə sürətlə inkişaf edir. Ordu quruculuğu prosesi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılır. Bu gün müasir Azərbaycan ordusu işğal altındakı ərazilərimizi azad etməyə, ölkəmizin ərazi bütövlüyünü təmin etməyə tam qadirdir. Veteranlar da Ali Baş Komandanın əmri ilə qəhrəman Azərbaycan əsgəri ilə bir sırada bu müqəddəs vəzifənin yerinə yetirilməsi üçün hər an döyüşlərə qatılmağa hazırdırlar.

Tədbirdə İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər, şagirdlər iştirak ediblər.