Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin xatirəsi ehtiramla yad edilib


Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda 1992-ci il iyununda həlak olan, əslən belaruslu, Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin Slutsk şəhərində anın mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Belarus xalqının ənənəvi bayramı sayılan Radonitsa Günündə ölkəmizin Belarusdakı səfirliyi və hərbi attaşelik aparatının nümayəndələri Milli Qəhrəmanın anası Kima Davidoviç ilə görüşüblər. Əvvəlcə Milli Qəhrəmanımızın məzarı ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.

Mərasimdə A.Davidoviçin gənclik və xidmət illəri barədə danışılıb, onun göstərdiyi şücaət xatırlanıb. Vurğulanıb ki, mayor A.Davidoviçin qəhrəmanlığı Azərbaycan və Belarus xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirib, xatirəsi isə hər iki ölkədə daim ehtiramla yad olunur.

Qəhrəmanın anası oğlunun xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına, Azərbaycanın Müdafiə Nazirliyinin rəhbərliyinə, ölkəmizin Belarusdakı səfirliyinə və hərbi attaşelik aparatının əməkdaşlarına minnətdarlığını bildirib.