Qar uçqununa düşərək həlak olan hərbçimiz son mənzilə yola salınıb


Qar uçqununa düşərək həlak olan Müdafiə Nazirliyinin hərbi qulluqçusu, Daşkəsən rayon sakini, şəhid Fərrux Fərman oğlu Məmmədovun nəşi bu gün yaşadığı Daşkəsən rayonuna gətirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Daşkəsən şəhərində dəfn mərasimi keçirilib. Dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Rasim Manafov, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin xidmət etdiyi hərbi hissənin komandiri, zabitlər, əsgər yoldaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, minlərlə rayon sakini və KİV nümayəndələri iştirak edib.

Şəhid Fərrux Məmmədovun yaşadığı evin qarşısında keçirilən dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edib. Rayon icra hakimiyyətinin başçısı şəhid Fərrux Məmmədovun valideynlərinə və doğmalarına dərin hüznlə başsağlığı verib, onlara Allahdan səbir diləyib.

Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün qorunması və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman vətən övladlarının əziz xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaq. "Bu gün biz - daşkəsənlilər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında möhkəm, sıx birləşərək hər an döyüş əmrini gözləyirik. Müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğal atındakı torpaqlarımızın azad olunması uğrunda qüdrətli, rəşadətli ordumuzla birlikdə döyüşə getməyə hazırıq” - deyə Ə.Abıyev qeyd edib.

Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Rasim Manafov və digərləri çıxış edərək şəhidə Allahdan rəhmət, ailə üzvlərinə isə səbir diləyib, bütün Daşkəsən ictimaiyyətinə başsağlığı veriblər.

Qardaşı oğlu ilə hər zaman fəxr etdiyini bildirən şəhidin əmisi Nəriman Məmmədov "Vətən, başın sağ olsun” söyləyib, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Ruhuna dualar oxunub, cənazə namazı qılındıqdan sonra şəhid Fərrux Fərman oğlu Məmmədovun cənazəsi hərbi orkestrin ifasında matəm marşının sədaları altında son mənzilə yola salınıb. Şəhidin cənazəsi minlərlə rayon sakininin müşayiəti ilə Gəncədə Şəhidlər xiyabanına gətirilib.

Şəhidin tabutuna bürünmüş üçrəngli Azərbaycan Bayrağı anası Sevil Məmmədovaya təqdim edilib.

Şəhid hərbçimizin cənazəsi hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət himninin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb.

Qeyd edək ki, Məmmədov Fərrux Fərman oğlu 2010-cu ildən müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. 2019-cu il martın əvvəllərində hərbi hissədə xidməti vəzifə borcunu yerinə yetirərkən qar uçqununa düşərək həlak olub. Onun 1 qız övladı yadigar qalıb.