Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illik yubileyi münasibətilə tədbir keçirilib


Aprelin 25-də Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illik yubileyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Daha sonra BDM-in sədri İsmayıl Ağayev çıxış edərək A.Aqarunovun şərəfli həyat yolundan, onun döyüşlərdə iştirakından danışıb. Bildirib ki, ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi yəhudi əsilli bu qəhrəman da canını Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda fəda edib.

Azərbaycan çox millətli ölkə olduğunu söyləyən İ.Ağayev vurğulayıb ki, ölkəmizdə yaşayan hər bir millətin nümayəndəsi ərazi bütövlüyümüz, müstəqilliyimiz, suverenliyimiz uğrunda canından keçməyə hazırdır. Albertdə hər bir Azərbaycan vətəndaşı kimi həyatını Azərbaycanın torpaqları uğrunda fəda etdi.

Xalq şairi Sabir Rüstəmxanlı tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda dinindən, dilindən və millətindən asılı olmayaraq hər kəs sərbəst yaşayır. Məhz bunun nəticəsidir ki, qeyri-müsəlman əhalinin də bu ölkəyə məhəbbəti sonsuzdur. A.Aqarunovun yəhudi əslli olsa da Azərbaycan vətəndaşı kimi bu dövlətə borcunu canı ilə ödədi və qəhrəman vətən övladı kimi şəhid oldu. Xalqımız bu qəhrəman övladının xatirəsini daim uca tutacaq.

İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli Albert Aqarunovun Dağlıq Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlardan bəhs edib. O bildirib ki, Qarabağ müharibəsinin başlaması ilə A.Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Hərbi əməliyyatlar zamanı, o, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində düşmənin xeyli canlı qüvvə və zirehli texnikasını məhv edib. Tank komandiri təyin edilən A.Aqarunov Şuşaya göndərilib. 1992-ci il mayın 8-də Şuşa uğrunda döyüşlərdə tankçı Albert Aqarunov qəhrəmancasına həlak olub. O, igidliyinə görə Azərbaycanın ən yüksək hərbi mükafatına layiq görülüb.

Sonra Albert Aqarunovun qardaşı, Beynəlxalq Diaspor Mərkəzinin Yaxın Şərq üzrə nümayəndəliyinin rəhbəri Rantik Aqarunov Azərbaycan xalqına qardaşının xatirəsini daim əziz tutduqları üçün minnətdarlığını bildirib.

Tədbirin sonunda Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunmuş videoçarxlar nümayiş olunub.