Tərtərdə Milli Qəhrəman Elman Hüseynovun xatirəsi anılıb


Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları əvvəlcə şəhidin Tərtər şəhərindəki abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər. Rayon Mədəniyyət Mərkəzində davam edən tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Milli Qəhrəman Elman Hüseynova həsr olunmuş "İlk komandir” sənədli filmi nümayiş etdirilib.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov çıxış edərək, Elman Hüseynovun həyat və döyüş yolu haqqında məlumat verib. Bildirib ki, Hüseynov Elman Süleyman oğlu 1952-ci il fevralın 28-də Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olub. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində zabit kimi xidmət edən Elman Hüseynov Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatının İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

Dövlət idarəetmə orqanlarında mühüm vəzifədə işləməsinə baxmayaraq, 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib, həmin ilin sentyabrında Tərtər özünümüdafiə qərargahının rəisi, noyabrında Tərtər ərazi özünümüdafiə batalyonunun komandiri təyin olunub. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edib. Onun şəxsi şücaəti və rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Döyüşlərdə iki dəfə yaralanıb. 1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Tərtər rayonunun Azadqaraqoyunlu kəndində dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 1995-ci il tarixli 15 yanvar Fərmanı ilə mayor Hüseynov Elman Süleyman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi Elçin Qasımov, Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusibov, "Azərbaycan Bayrağı” ordenli Nizami Heydərov, Milli Qəhrəmanın döyüş yoldaşları Çingiz İbrahimov, İlham Mustafayev Elman Hüseynovla bağlı xatirələrini söyləyiblər.

Milli Qəhrəmanın oğlu Emin Hüseynov şəhid ailələrinə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Tədbir məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiyalarla davam edib.