Erməni təcavüzü ilə mübarizədə itkin düşənlərə xüsusi xatirə günü…


"Azərbaycanda İtkinlər gününün təsis edilməsinə böyük ehtiyac var”


Nəzakət Məmmədova: "26 yanvar tarixinin İtkinlər günü olaraq təsis edilməsi, ən azından, itkinlərimizin yaxınları üçün bir təsəlli olardı”
"Bakının mərkəzində itkin düşmüş vətəndaşlarımızın xatirəsinə abidə ucaldılması da çox yaxşı olardı”
Azərbaycanda İtkinlər gününün təsis edilməsi zərurətə çevrilib. Bunu "Bakı-Xəbər”ə "Azərbaycan Respublikasının Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova deyib. N.Məmmədova qeyd edib ki, Azərbaycanın zorla cəlb edildiyi Dağlıq Qarabağ münaqişəsi zamanı yalnız şəhidlər verməmişik, sözügedən müharibədə saysız itkinimiz, ermənilər tərəfinən əsir və girov götürülən vətəndaşlarımız var.
O vurğuladı ki, 1992-ci ildə Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən Daşaltı əməliyyatı zamanı 44 nəfər vətəndaşımız itkin düşüb. N.Məmmədovanın sözlərinə görə, 1992-ci il yanvarın 26-da Vətən övladlarının itkin düşdüyü gün İtkinlər günü kimi təsis edilərsə, bunun həm tarixi, həm mənəvi, həm də siyasi cəhətdən çox böyük əhəmiyyəti olar.
Müsahibimiz bildirdi ki, 30 avqust Beynəlxalq itkinlər günü kimi bütün dünyada qeyd edilir. Buna baxmayaraq, Azərbaycanda da öz faciəmizlə bağlı olan İtkinlər günü olmalıdır. "Azərbaycanda İtkinlər gününün təsis edilməsinə böyük ehtiyac var. Bütün dünyada 30 avqust Beynəlxalq itkinlər günü kimi qeyd edilir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 1 noyabr 2018-ci il tarixində keçirilən müşavirəsində İtkinlər günü ilə bağlı təkliflər səsləndirildi. Biz ən böyük itkini Daşaltı əməliyyatı zamanı vermişik və bu bizim çox ağır bir günümüzdür. Bu əməliyyat zamanı 44 nəfər vətəndaşımız itkin düşüb. Sözügedən tədbirdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun sədri İsmayıl Axundov öz məruzəsində bu təklifi irəli sürdü və komissiyanın bütün üzvləri bu təklif barədə məlumatlandırılıb. Bu hələ də təklif olaraq qalır. Lakin bu təklifin həyata keçirilməsi çox zəruridir. 26 yanvar tarixinin İtkinlər günü olaraq təsis edilməsi, ən azından, bu itkinlərimizin yaxınları üçün bir təsəlli olardı”.
Baş redaktor qeyd etdi ki, biz Xocalı soyqırımı zamanı da böyük itkilər vermişik, amma bu qanlı günlər tariximizə genosid kimi daxil olub. Onun dediyinə görə, 44 nəfərin bir gündə itkin düşməsi çox ağrıdıcı faktdır. Bütün xalqların ağrılı günlərini xüsusi günlər kimi qeyd etdiyini deyən N.Məmmədovanın bildirdiyinə görə, bu bizdə də belə olmalıdır. "Bu günün təsis edilməsi mütləqdir və bu təklifi təqdirəlayiq hesab edirəm. Ümumiyyətlə, düşünürəm ki, İtkinlər gününün təsis edilməsi ilə yanaşı, Bakının mərkəzində itkin düşmüş vətəndaşlarımızın xatirəsinə abidə ucaldılması da çox yaxşı olardı. 26 yanvar tarixində həmin abidənin ətrafına toplaşıb itkin düşmüş vətəndaşlarımızı xatırlaya bilərik. Bu təkliflərin reallaşacağına ümid edirəm” - deyə N.Məmmədova vurğuladı.

İradə SARIYEVA