Düşmənə göz dağı olan qəhrəman


Gənc rayonlarımızdan olan Qobustanda idik. Burada əldə etdiyimiz məlumat bizi əvvəldən nəzərdə tutulmayan bir ünvana gətirib çıxartdı. Təxminən rayon mərkəzindən 25-30 kilometr uzaqlıqda yerləşən Sündü kəndinə yol aldıq. Gənc rayonun tarixin sirlərini özündə saxlayan qocaman bir kəndinə...
Səfərimizin məqsədi vardı. Həmin gün bu kəndin torpaqlarımızın müdafiəsi uğrunda canını fəda etmiş dəyərli övladlarından birinin - Cəmil Adıgözəlovun şəhidlik zirvəsinə ucalmasının 23 ili tamam olurdu. Hər il olduğu kimi, bu il də Cəmilin silah yoldaşları onun xatirə gününü qeyd edirdilər. Qəbirüstü abidənin ətrafına xeyli adam toplaşmışdı. Onların arasında kənd sakinləri, qohumları, ailə üzvləri ilə bərabər respublikanın müxtəlif guşələrindən gələn silahdaşları da vardı.
Cəmil Adıgözəl oğlu Adıgözəlov 1973-cü ildə Sündü kəndində anadan olub. 1990-cı ildə orta məktəbi bitirib. Qayğıkeşliyi, mehribanlığı həm ailədə, həm də dost-tanış arasında daim hiss olunub, onu sinif yoldaşlarının və müəllimlərinin sevimlisi edib. Cəmil 1990-cı ildə Göyçay Kənd Təsərrüfatı Texnikumunun Mexanika şöbəsinə daxil olub.
1992-ci ildə Azərbaycan Milli Ordusuna həqiqi hərbi xidmətə çağırılıb. Bacarığı, qabiliyyəti ilk gündən nəzəri cəlb edib. Komandir heyətinə daxil edilməsinə qərar verilib. Ona görə də hərbi hissənin göndərişi əsasında xüsusi kursu bitirərək leytenant rütbəsi alıb.
Cəmil döyüş bölgələrinin ən qaynar nöqtələrində xidmət göstərib. Tabeliyində olan şəxsi heyətə qayğı ilə yanaşıb, fərdi keyfiyyətləri ilə onlara nümunə olub. Əsgərləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən ədalətli mübarizəyə ruhlandırıb. 1995-ci il oktyabrın 18-də - dövlət müstəqilliyimizin bərpasının üçüncü ildönümü günündə növbəti hərbi tapşırığı yerinə yetirərkən qəhrəmancasına həlak olub.
...Sündü qəbiristanlığında cəmləşən insanlardan qəhrəmanımızla bağlı xatirələrini bölüşməyi xahiş etdik. Əvvəlcə şəhidin atası Adıgözəl Adıgözəlova yaxınlaşırıq. Qəhər atanın boğazını kilidləyir, hiss olunur ki, danışmağa çətinlik çəkir: - Vallah, nə deyəcəyimi bilmirəm. Allah ona və cəmi şəhidlərimizə rəhmət eləsin. Övlad itkisi nə qədər ağır olsa belə, mənə və anasına təskinlik verən yeganə odur ki, Cəmil torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edib. Bir də onun əsgər yoldaşlarının bizi tez-tez yada salmaları, imkan yarananda ziyarət etmələri qəlbimizi qürur hissi ilə doldurur. Sevinirik ki, cəmiyyətə belə mərd, torpağını, yurdunu sevən övlad bəxş edə bilmişik.
Sündü kənd orta məktəbinin tarix müəllimi İdris Alıcanovun da sevimli şagirdi ilə bağlı deyəcəkləri var: - Mən Cəmilin tarix müəllimi olmuşam. O, təhsil aldığı dövrlərdə vətənpərvərliyi, qayğıkeşliyi ilə həmişə seçilib. Qarabağ uğrunda döyüşlər başlayanda Cəmil ilklərin cərgəsində olub. Sıravi əsgərdən zabit rütbəsinə qədər yüksəlib. Bununla da doğulduğu kəndə, el-obaya, ailəyə layiq oğul olduğunu təsdiqləyib. Döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Onun xatirəsi bizim üçün həmişə əzizdir. Sündü kənd orta məktəbində kəndin 19 şəhidinin adına təşkil olunmuş xüsusi guşədə Cəmilin də şəkli var. Onların doğum və şəhid olduqları gün mütləq xatırlanır.
1992-ci ildə Cəmilin komandiri olmuş Tapdıq İbrahimov da fikirlərini bölüşür: - Cəmilin qorxmazlığı, cəsurluğu elə hərbi hissəyə gəldiyi ilk günlərdən duyulurdu. Düşmənə qarşı nifrəti bütün varlığını sarmışdı. Hərb sənətinə marağı, az zamanda hərbi hissənin balansındakı bütün silah növlərini mənimsəməsi komandanlığın diqqətini cəlb etmişdi. Bu keyfiyyətlərinə görə hərbi təhsil alması üçün Bakıya göndərildi. O, xidmət keçdiyi hərbi hissəyə leytenant rütbəsində qayıtdı və mərdliyi, şücaəti ilə seçildi.
Ağdərə ərazisindəki Qırmızıkənd (indi Şikarabad adlanır. Kənd Sündü kəndindən olan Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarovun adını daşıyır) adlanan yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə şəhid oldu.
Əslən Laçın rayonundan olan döyüş yoldaşı Bünyad Zamanov da cəbhədaşı ilə bağlı yanğı ilə danışır. Dediyinə görə, Cəmil onlar üçün həmişə nümunə olub. Son dəfə kəşfiyyata gedərkən yağı düşmənin gülləsinə tuş gəlib.
Gədəbəydən olan döyüş yoldaşı Zaur Əhmədov dedi: - Cəmil bizim üçün o qədər doğmalaşmışdı ki, Gədəbəylə Sündü arasındakı yüzlərlə kilometrlik məsafə olmasına baxmayaraq, heç də bizə uzaq görünmürdü. Çünki bizim daim qəlbimizdə yaşayan silahdaşımız məhz bu eldən, bu obadan çıxıb. Hərbi məktəbə də, son əməliyyata da bir yerdə getmişdik. O, istənilən əməliyyat olan kimi, hətta başqasının növbəsi olsa belə, həmişə qabağa çıxardı. Deyirdi ki, döyüşçü həmişə ön mövqedə olmalı, düşmənə göz dağı verməlidir.
Şəhid soydaşımızın həmkəndlisi Məharət Əkbərov da Cəmildən danışdı. Bildirdi ki, həm orta məktəbi bir yerdə oxuyublar, həm də əsgərlikdə bir yerdə olublar. Onun vətənə, torpağa bağlılığı hər zaman bütün hərəkətlərində, əməllərində özünü göstərib. Həyatını zabit qismində hərbi sahəyə bağlaması da bunların təsdiqidir.
Sadəcə olaraq M.Əkbərov yaralandığı üçün ordudan tez tərxis olunub. Cəmilin kəndə son gəlişini isə heç unutmur. Deyir ki, hamı ilə bir-bir görüşdü, sanki ürəyinə dammışdı ki, bir daha geri qayıtmayacaq...
Ağcabədi rayonunun Yeni Qarabulaq kənd sakini Mirsiyab Abbasov da Cəmillə birlikdə dəfələrlə döyüşdə olduqlarını deyir.
Cəmilin qəhrəmanlıqları qarşısında hər birimiz baş əyirik. Qobustan Rayon İcra Hakimiyyətinin şəhidin adını əbədiləşdirmək üçün rayonun mərkəzi küçələrindən birinə Cəmil Adıgözəlovun adının verilməsi ilə bağlı sərəncamı da var. Bununla yanaşı, ən mühüm məqamlardan biri üstündən 23 il keçəndən sonra belə köhnə silahdaşların bir-birini axtarıb tapması, ailələrinə dayaq olmalarıdır.

Əli SƏLİMOV,
"Azərbaycan”