“Respublika Xatirə Kitabı” itkin və girovlarla bağlı daha bir fundamental kitab ortaya qoydu


Nəzakət Məmmədova: "Erməni millətçilərinin əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı törətdikləri cinayətlərin dünya ictimaiyyətinə çatdırılması hər birimizin mənəvi borcudur”


Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və baş redaktoru Nəzakət Məmmədova olan "Respublika Xatirə Kitabı” redaksiyasının birgə əməyi nəticəsində "Xatirə Kitabı”nın xüsusi buraxılışı işıq üzü görüb.

"Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova yeni nəşrin məziyyətləri haqqında danışıb.

"Tarix zaman-zaman təkrarlanır. Erməni millətçilərinin başımıza açdığı bəlaları babalarımızın yaddaşından eşitmişik. İllərdir cavabını tapa bilmədiyim bir sual var. Bu bəlaları necə unuda bilmişik, bu qəddarlıqları, vəhşilikləri necə yaddaşımızdan silə bilmişik?! Axı bu olanlar əvvəllər də başımıza gəlib. Tarixin təkrar dərsini bir daha aldıq. Minlərlə şəhid verdik, minlərlə insanın ünvanına "qara kağız” yazılmadı, adları əsir, itkin, girov götürülənlər siyahısına düşdü. Tarixdən bəri erməni millətçilərinin doğma yurdumuz Azərbaycana olan ərazi iddiaları daim onların xalqımıza qarşı vəhşiliklər törətməsi, soyqırımlar və faciələrlə müşayiət olunub. Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri cinayətlər həmişə öz xüsusi amansızlığı ilə seçilib. Ermənilərin ərazi iddiaları özünü daha çox Dağlıq Qarabağ münaqişəsi dövründə göstərib və erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti özünün pik nöqtəsinə çatıb” - deyə bildirən N.Məmmədovanın sözlərinə görə, Azərbaycanın cəlb edildiyi bu haqsız müharibə zamanı saysız-hesabsız vətən övladları ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olublar. "Eyni zamanda, erməni silahlı quldur birləşmələrinin torpaqlarımıza hücumları, Azərbaycan Respublikasının tarixi və əzəli ərazilərinin ermənilər tərəfindən işğalı zamanı, rəsmi sənədlərə əsasən, 3875 nəfər Azərbaycan Respublikası vətəndaşı naməlum şəraitdə itkin düşüb, erməni terrorçu-quldur dəstələri tərəfindən əsir və girov götürülüb. Danılmaz faktlar sübut edir ki, erməni vandalları tərəfindən əsir və girov götürülmüş şəxslərə qarşı heç bir beynəlxalq hüquqa və insanlığa sığmayan vəhşiliklər tətbiq olunub. Apardığımız araşdırmalar erməni millətçilərinin əsir və girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşlarına qarşı qəddarcasına törətdikləri işgəncələr və cinayətlərə bütün aydınlığı ilə işıq salmaq və onu dünya ictimaiyyətinə çatdırmaq kimi bir vəzifəni bizim qarşımıza qoyub. Dövlət Komissiyası ilə birlikdə aparılan araşdırmalar zamanı erməni vandallarının soydaşlarımıza qarşı törətdikləri cinayətlər, insanlığa sığmayan işgəncələr və məqsədəyönlü şəkildə aparılan soyqırımı siyasəti bütün detalları ilə incələnib. Erməni millətçilərinin əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı törətdikləri cinayətlərin dünya ictimaiyyətinə çatdırılması hər birimizin mənəvi borcudur. Məhz bu məqsədlə hazırladığımız, 3875 nəfərin taleyindən xəbər verən "Respublika Xatirə Kitabı”nın dördcildlik xüsusi buraxılışını oxuculara təqdim edirik” - deyə N.Məmmədova bildirdi.