Masallıda Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb


Masallı rayonunun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi dərin ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova mərasimdə çıxış edərək ölkəmizdə müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, hər il Milli Qəhrəman Elşad Hüseynovun anım və doğum günləri ilə əlaqədar rayonda tədbirlər keçirilir. O, şagirdləri Elşad kimi vətənpərvər olmağa səsləyib.
Tədbirdə çıxış edənlər Milli Qəhrəmanın keçdiyi döyüş yolundan danışıb, onun ömrünün gənclərə örnək olduğunu bildiriblər.
Mərasimdə Masallı Dövlət Regional Kolleci tələbələrinin ifasında hərbi-vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynov 1960-cı ildə Masallı rayonunun Xıl kəndində anadan olub. O, 1978-ci ildə orta məktəbi bitirdikdən sonra sovxozda işləyib, 1979-1981-ci illərdə Batumidə hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra Bakıda milis nəfəri kimi işə qəbul olunub.
E.Hüseynov 1991-ci ildə cəbhəyə yola düşür. Onun ilk döyüşü Füzuli və Tərtər bölgələrində olub. Elşad Hüseynov Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşub.
1992-ci il iyunun 15-də döyüşçülərimizə Fərrux kəndini düşməndən azad etmək tapşırığı verilmişdi. Səhər tezdən Ağdam istiqamətində döyüşə atılan polis cəngavərləri kəndin içinə doğru irəliləyirdilər. Elşad həmişə olduğu kimi, yenə də döyüşün ən qızğın yerində idi. O, həm cəsarətli vuruşu, həm də ruhlandırıcı çağırışları ilə döyüş yoldaşlarına mənəvi qüvvə verirdi. Əfsus ki, mövqeyini dəyişmək üçün səngərdən çıxan E.Hüseynov qəfil düşmən gülləsinə tuş gəlib.
Üç övladı olan E.Hüseynova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Milli Qəhrəman Masallı rayonunun Xıl kəndində dəfn edilib. Kənddə onun büstü qoyulub, Masallı şəhərinin küçələrindən birinə Elşad Hüseynovun adı verilib.