Əbülfəs Qarayev “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan arxeoloji qazıntılarla tanış olub

Mədəniyyət naziri Əbülfəs Qarayev Qazax rayonundakı "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan arxeoloji işlərlə tanış olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qoruqda aparılan arxeoloji işlər haqqında nazirə ətraflı məlumat verilib.
Bildirilib ki, 2015-ci ildə nazirliyin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin Daş dövrü mütəxəssisi professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyət Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarışlar aparmaq üçün dəvət olunub.
Yaponiyalı mütəxəssislər tərəfindən əraziyə baxışdan və müvafiq axtarışlardan sonra Avey dağında, Damcılı mağara düşərgəsinin ətrafında, Damcılı mağarası da daxil olmaqla, dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək üçün üçtərəfli beynəlxalq memorandum imzalanıb. Memorandum Mədəniyyət Nazirliyi tərəfindən "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya tərəfindən Tokio Universiteti Muzeyi arasında bağlanıb. Beynəlxalq ekspedisiyanın məqsədi ərazinin qədim insan məskəni olmasını təsdiqləmək, bundan başqa, Neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir.
2016-cı ilin avqustunda "Avey” qoruğu ərazisində yerləşən dünya əhəmiyyətli Damcılı mağara düşərgəsində arxeoloji qazıntılara başlanılıb. 10-a yaxın müxtəlif istiqamətdə kəşfiyyat xarakterli qazıntı işləri aparılıb. Yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazinin 4 metr dərinliyində qazıntı aparılarkən Orta əsrlərə, Tunc dövrünün sonuna aid daha dərində isə Neolit dövrü qalıqları, ocaq yerləri, fauna nümunələri (sümüklər), təxminən yarım metr dərində lal təbəqədən aşağıda isə Orta paleolit dövrünün son mərhələsini əks etdirən nümunələr əldə olunub. Damcılıda tapılan maddi mədəniyyət nümunələrinin dövrlərinin müəyyənləşdirilməsi üçün onların üzərində Yaponiya laboratoriyalarında araşdırmalar aparılıb.
Aparılan arxeoloji qazıntılarla tanış olan Ə.Qarayev qoruğun gələcək fəaliyyətinin daha da gücləndirilməsi, araşdırmaların davam etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.