Naxçıvan Ermənistan SSR-in “tabeliyində” – “Respublika Xatirə Kitabı” Sovet dövrünə aid daha bir böyük erməni saxtakarlığını ifşa etdi

"Ermənilərin əli ilə SSRİ Müdafiə Nazirliyində hazırlanan 1943-cü ilin sənədində Naxçıvan ərazisi Ermənistan SSR-in ərazisi kimi göstərilib” 

Nəzakət Məmmədova: "Xatirə Kitabı” redaksiyası bu günlərdə Rusiya Federasiyasının Mərkəzi Arxivinə bu cür saxtakarlıqların qarşısının alınması üçün məktub ünvanlayacaq”

Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları bitib-tükənmək bilmir. Hətta ermənilər Sovet dövründə belə Azərbaycan SSR-in ərazisi olan tarixi torpaqlarımızı, rayon və şəhərlərimizi öz havadarlarının əli ilə Ermənistan SSR-in tərkibinə daxil olan ərazilər kimi rəsmiləşdirməkdən çəkinməyiblər.
"Respublika Xatirə Kitabı” redaksiyası tərəfindən bununla bağlı ilginc sənəd üzə çıxarılıb. "Xatirə Kitabı” redaksiyanın baş redaktoru Nəzakət Məmmədova sözügedən sənədi redaksiyamıza təqdim edərək bildirdi ki, bu sənədlə ermənilərin SSRİ dövründə Azərbaycana qarşı həyata keçirdikləri ərazi iddialarını ifşa etməliyik.
O qeyd etdi ki, "Xatirə Kitabı”nın X cildinin 540-cı səhifəsində adı İkinci Dünya Müharibəsində itkin düşmüş kimi qeyd edilən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qarabağlar kəndindən olan Məmmədov Qəhrəman Nabatalı oğlu ilə bağlı təkrar araşdırmalara başlayarkən onun ölümünü təsdiq edən sənəd əldə ediblər. SSRİ Müdafiə Nazirliyinin səhra poçtu tərəfindən Qəhrəman Məmmədovun həyat yoldaşı Məmmədova Anna Vasilyevnaya göndərilən "qara kağız”da mərhumun doğulduğu Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qarabağlar kəndi "Ermənistan SSR, Stalin rayonu, Qarabağlar kəndi” kimi qeyd edilir. SSRİ Müdafiə Nazirliyinin Q.Məmmədovun həyat yoldaşının təqaüd alması üçün göndərdiyi 1943-cü il 19 avqust tarixli, O/4/1908 saylı "qara kağız”da Azərbaycan SSR-in ərazisinin Ermənistan SSR-in ərazisi kimi göstərilməsi onu deməyə əsas verir ki, bu sənəd, arayış erməni diqtəsi ilə tərtib olunub. Bu sənədin hazırlanmasında erməni barmağı, erməni hiyləsi, diqtəsi olmasaydı, sənəddə saxta ünvan qeyd edilməzdi.
Məlumdur ki, Naxçıvan nə SSRİ dövründə, nə də başqa bir dövrdə Ermənistan ərazisi olmayıb, Naxçıvan tarix boyu Azərbaycanın ayrılmaz tərkib hissəsi olub, bu gün də bu statusu daşıyır, gələcəkdə də belə olacaq.
N.Məmmədova bizimlə söhbətində onu da bildirdi ki, SSRİ Müdafiə Nazirliyinin göndərdiyi məktubun hazırlanmasında ermənilər iştirak edib, belə olmasaydı, rəsmi bir sənəddə bu qədər saxtakarlığa yol verilməzdi. "Ermənilərin bizə qarşı ərazi iddiaları, eləcə də kin-küdurətləri böyük dövlət olan və müxtəlif xalqların mehriban yaşadığı SSRİ dövründə də mövcud olub. Əldə etdiyimiz sənədlər bunu deməyə əsas verir. SSRİ dövründə, II Dünya Müharibəsinin odlu-alovlu vaxtında belə ermənilər Azərbaycana qarşı məkrli siyasət həyata keçirib, ərazi iddialarını gizlətməyiblər. Ermənilərin əli ilə SSRİ Müdafiə Nazirliyində hazırlanan 1943-cü ilin sənədində Naxçıvan ərazisi Ermənistan SSR-in ərazisi kimi göstərilib. Özü də SSRİ Müdafiə Nazirliyinin rəsmi sənədində. Bu başdan-başa saxtakarlıqdır. Demək istəyirəm ki, bu sənədin hazırlanmasında erməni barmağı olub. Belə olmasaydı, o dövrün bütün rəsmi sənədlərində Naxçıvan Azərbaycan SSR-in ərazisi kimi qeyd edildiyi halda, erməni saxtakarlığı nəticəsində, bir əsgərin ölümünü təsdiq edən sənəddə onun doğulduğu ünvan Ermənistan SSR-in ərazisi olaraq qeyd edilməzdi. Bu iş, birmənalı olaraq, ermənilərin əli ilə həyata keçirilib. Hesab edirəm ki, bu məsələ geniş şəkildə araşdırılmalıdır. Biz artıq bu məktubla və araşdırmalarımız nəticəsində digər məktublarda rast gəldiyimiz saxta məlumatlarla bağlı tədbirlər görmək haqqında düşünürük. Bizə qarşı saxta məlumatlar əsasən Rusiya Federasiyasının Mərkəzi Arxivində saxlanır. "Xatirə Kitabı” redaksiyası bu günlərdə Rusiya Federasiyasının Mərkəzi Arxivinə bu cür saxtakarlıqların qarşısının alınması üçün məktub ünvanlayacaq” - deyə N.Məmmədova bildirdi.
"Respublika Xatirə Kitabı” redaksiyası tərəfindən qəzetimizə təqdim edilən sənəddə yer alan erməni saxtakarlığı ifşa edilməlidir.

İradə SARIYEVA