Veteranlar ordumuza inanır və həmişə onun yanındadır

İyunun 22-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması, eləcə də 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi barədə sərəncamlarının əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edib ki, bu mühüm sənədlər həmin dövrdəki tarixi hadisələrin, o cümlədən hərb tariximizin, qazanılan nailiyyətlərin gənclərimizə çatdırılması və öyrədilməsi baxımından böyük önəm daşıyır.
Azərbaycan Silahlı Qüvvələrinin yaradılması tarixindən danışan Tofiq Ağahüseynov deyib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabinetinin qərarına əsasən, 1918-ci il iyunun 26-da birinci nizami hərbi hissə - əlahiddə Azərbaycan korpusu, avqustun 1-də isə Xosrov bəy Sultanovun rəhbərliyi ilə Hərbi Nazirlik yaradıldı. Qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi, ordumuz Qarabağda ermənilərlə döyüşdə böyük uğurlar qazandı.
T.Ağahüseynov əlamətdar yubiley münasibətilə tədbir iştirakçılarını təbrik edib və hazırda bölgənin ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələrinə yeni qələbələr arzulayıb.
Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək deyib ki, Azərbaycan Prezidentinin 1998-ci il 22 may tarixli fərmanına əsasən, hər il iyunun 26-sı ölkəmizdə Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi qeyd olunur. Azərbaycan oğulları nəyə qadir olduqlarını İkinci Dünya müharibəsində alman faşizminə qarşı döyüşlərdə də nümayiş etdiriblər. Cəbhəyə yola salınan 700 min azərbaycanlı mərdliklə vuruşaraq bəşəriyyəti faşizm taunundan xilas edib. 124 həmvətənimiz Sovet İttifaqı Qəhrəmanı adına, minlərlə azərbaycanlı orden və medallara layiq görülüb.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev tədbirdə çıxış edərək tədbir iştirakçılarını Azərbaycan Xalq Cümhuriyyətinin və milli ordumuzun yaradılmasının 100 illiyi münasibətilə təbrik edib.
Vurğulanıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunub. Azərbaycan Xalq Cümhuriyyəti bizə böyük miras qoyub. Bunlardan biri də Azərbaycan milli ordusudur.
Milli ordumuzun yaranması tarixindən danışan Ərəstun Mehdiyev deyib: "1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini quranlar çətin vəzifə ilə üzləşmişdilər. Qarşıda duran dövlət quruculuğu məsələlərini həyata keçirmək üçün əsas dövlət atributlarından biri olan milli ordunun mövcudluğu çox böyük əhəmiyyət kəsb edirdi. Lakin o dövrdə yenicə yaranmaqda olan, qeyri-sabit ictimai-siyasi mühitdə formalaşan dövlətin bu vəzifəni həll etməsi çox çətin idi. Bunu çətinləşdirən əsas amillərdən biri də o idi ki, ordu quruculuğu sahəsində fəaliyyət göstərəcək ixtisaslı kadrlar çatışmırdı”.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə vaxtilə çar Rusiyasının görkəmli sərkərdələrindən biri olmuş Əliağa Şıxlinskinin rəhbərlik etdiyi korpus əsasında Əlahiddə Azərbaycan korpusu yaradıldı. Dövrün çətinliklərinə baxmayaraq, ordu quruculuğu sahəsində aparılan ardıcıl tədbirlər Azərbaycan ordusunun cümhuriyyətin qarşısında duran əsas vəzifələrin həlli proseslərinə cəlb olunmasına və çox böyük işlər görməsinə imkan yaratdı.
"Həmin dövrdə ordunun inkişaf etməsi və qarşıda duran vəzifələrin həlli üçün çox böyük səylər göstərilirdi. Vəziyyətin mürəkkəbliyinə baxmayaraq, ordu quruculuğu prosesində bir çox nailiyyətlər əldə olundu. O dövrdə qazanılan ənənələr və hərbi təcrübə sonrakı illərdə də mühüm rol oynadı. Biz məhz bu təcrübədən bəhrələnərək ordu quruculuğu sahəsində böyük vəzifələrin həllinə nail ola bildik”, - deyə Ə.Mehdiyev vurğulayıb.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini vaxtilə ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı hərbi məktəblərin, o cümlədən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, azərbaycanlı gənclərin SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil almasının əhəmiyyətindən söz açıb. Qeyd edib ki, bütün bunlar dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə milli ordunun formalaşmasında önəmli rol oynadı. Bu gün Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu dünyanın ən güclü, müasir, mənəvi-psixoloji cəhətdən hazırlıqlı orduları səviyyəsinə yüksəlib. Dövlətimizin və xalqımızın birgə səyləri ilə yaradılmış bu güclü ordu qarşımızda duran əsas vəzifənin həllinə - torpaqlarımızın düşmən işğalından azad olunmasına tam zəmanət verir.
Son dövrdə Azərbaycan Ordusunda çox böyük dəyişikliklər baş verdiyini diqqət çatdıran Ə.Mehdiyev deyib: "Azərbaycan əsgərinin gücünü Aprel döyüşləri də aydın şəkildə göstərdi. Biz böyük qürur duyuruq ki, bugünkü Azərbaycan gənci ordu sıralarında xidmətə çox böyük həvəslə gedir, vətəni və xalqı qarşısında vəzifəsini şərəflə yerinə yetirir. Son günlər Naxçıvanda keçirilən əməliyyat bir daha təsdiqlədi ki, Azərbaycan əsgəri istənilən an torpaqlarımızı düşməndən azad etməyə qadirdir”.
Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Bədirxan Əhmədov, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev, veteranlardan general-mayor Vladimir Timoşenko və başqaları çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şərəfli tarixi yoldan, Azərbaycan əsgərlərinin qəhrəmanlıqlarından, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlərdən, ordumuzun sön dövrlərdə qazandığı uğurlardan, veteranların ordumuzun formalaşmasında verdiyi töhfələrdən danışıblar.
Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin mahnı və rəqs ansamblının konsert proqramı ilə davam edib.